ƏN ÇOX OXUNANLAR

MƏTBUAT İCMALI
Hərbçilərin maaşi neçe faiz artırılmalıdır?



Nəticə



Savunma Sanayi.NET Haftalýk Savunma Sanayi Haberleri Çevrimiçi Gazetesi
 
Medvedev ABŞ-ın qurduğu tələyə düşüb
07:04 01-07-2010


«The Christian Science Monitor»: «Bu, ABŞ əks-kəşfiyyatçılarının Rusiya ilə münasibətləri geri çevirmək məqsədilə qurduqları plana bənzəyir»





«The Guardian»: «Britaniya əks-kəşfiyyatının açıqlamasına görə, Rusiya casusları Qərbin enerji siyasəti ilə maraqlanırlar»
Bu günlərdə ABŞ-da Rusiya casuslarından ibarət qrupun aşkarlanaraq yaxalanması dünya mətbuatının gündəmini zəbt edib. Dünyanın bütün aparıcı media vasitələri bu hadisəni diqqət mərkəzində saxlayıb, çoxlu sayda informasiyalar, şərhlər, təhlillər və proqnozlar dərc edilib. Bu materiallardan bəzi maraqlı çıxarışları diqqətinizə çatdırırıq.
«The New York Post»: «Yaxalanmış casusların arasında «agent 007»-yə layiq uzun saçlı bir gözəl də var. O, Manhettendə elitanın şənliklərində və məxfi görüşlərində fırlanırmış. Rusiya vətəndaşı olan 28 yaşlı Anna Çepmen iqtisadçıdır, daşınmaz əmlak üzrə internet agentliyin sahibidir, maliyyə məhəlləsində dəbdəbəli evi var. İttihama görə, o, yanvardan bu yana hər həftənin üçüncü günü topladığı informasiyaları hansısa Rusiya məmuruna çatdırırmış. İnformasiyanın hiyləgər ötürülmə yollarından biri belədir: Müqəddəs Patrik günündə Anna Çepmen Uorren və Qrinviç küçələrinin kəsişməsində yerləşən kitab mağazasında çantasından leptopunu (mobil kompüterini) çıxarır. Onun informasiya tərəfdaşı mağazanın yaxınlığında küçədə gəzişə-gəzişə Çepmenin məlumatlarını öz kompüterinə qəbul edir. Buna oxşar informasiya mübadiləsi Mərkəzi Manhettendə bir kafedə də baş tutub. ABŞ Federal Təhqiqatlar Bürosunun versiyasına görə agentlər internetdə məxfi şəbəkə vasitəsilə əlaqəyə girirmişlər.
Ötən həftə özünü Rusiya zabiti kimi təqdim edən ABŞ agenti kompüter vasitəsilə həftəlik informasiya mübadiləsini müzakirə etmək üçün Çepmenlə görüş təyin edir. O, özünü elə aparıb ki, guya Çepmenə başqa bir qadın agentə saxta pasport çatdırması barədə tapşırıq verir. Çepmen həvəslə razılaşıb. «Biz ötən yay Kaliforniyada görüşməmişik?» şəklində parola cavab olaraq Çepmen «Yox, məncə, bu, Hemptonzda olub» cavabını verib. Prosedura uyğun olaraq o, qoltuğunda jurnal saxlayıb, saxta pasport uğurla təhvil verildikdən sonra divardan asılmış xəritənin üstünə poçt markası yapışdırıb. FTB-nin məlumatına görə, özünü agent kimi təqdim edən əməkdaşları ilə görüşdən dərhal sonra Çepmen yanlış ünvan göstərərək Ayrin Kutsov adına mobil telefon alıb.
Məhkəmə Çepmeni girov müqabilində azad etməkdən imtina edib və bunu onun yüksək ixtisaslı agent və təcrübəli fırıldaqçı olması ilə əsaslandırıb.
Saxlananlar arasında dörd orta yaşlı ər-arvad cütlüyü də var. Onlar zahirən adi, nəzərə çarpmayan həyat tərzi keçirirmişlər.
Məhkə materialları casusların gündəlik çətinliklərinə də yer ayırıb. Şübhəlilərdən biri digərinə Mərkəzdən alınmış kompüterlə bağlı gileylənirmiş: «Onlar başa düşmürlər biz burada nələrdən keçirik». Mərkəz casusların xərclərinə diqqətlə nəzarət edirmiş. Yonkersdə iki casusun – jurnalistlər Vika Pelaesi və Xuan Lasaronun pulla bağlı problemləri olub. Onların hətta vergi formasında dövlətə 8 min dollar bocları olub. Amma sonradan onlardan biri sənədlərdə adı çəkilməyən bir Cənubi Amerika ölkəsinə uçub və oradan hər birində 10 min dollar olmaqla 8 zərf gətirib».
«The Guardian»: «ABŞ-da rusların casusluq şəbəkəsinin yaxalanması İngiltərənin Mİ-5 əks-kəşfiyyatını çətin ki, təəccübləndirsin. Əks-kəşfiyyat təmsilçiləri təsdiqləyirlər ki, son illər təşkilat ilk dəfə olaraq Rusiya və başqa ölkələrin casuslarına qarşı əks-tədbirlər üçün əməkdaşlarının sayını artırmalı olub. Londonda Rusiya kəşfiyyat zabitlərinin sayı SSRİ-nin dağılmasından bu yana heç də azalmayıb. Təkcə Rusiya səfirliyi və ticarət nümayəndəliyi adından 30 rus casusu fəaliyyətdədir. Britaniya əks-kəşfiyyatının açıqlamasına görə, Rusiya casusları Qərbin enerji siyasəti ilə maraqlanırlar ki, bu da rusların öz neft-qaz ehtiyatları və bundan xarici siyasətdə yararlanmaq niyyəti ilə bağlıdır. Keçmiş soyuq müharibə illərində isə casuslar əsasən siyasi və hərbi informasiyalara can atırdılar».
«The Christian Science Monitor»: «ABŞ prezidenti Barak Obamanın öz rus həmkarı Dmitri Medvedevlə keçirdiyi səmimi görüşdən bir-neçə gün sonra 10 rus casusunun həbs edilməsi ABŞ əks-kəşfiyyatçılarının Rusiya ilə münasibətlərin möhkəmlənməsi prosesini geri çevirmək məqsədilə qurduqları plana bənzəyir. Hər halda demək olar ki, bütün rus məmurları, analitikləri və jurnalistlərinin mövqeyi belədir.
Bir çoxları hesab edirlər ki, bu qalmaqal 2012-ci il prezident seçkiləri ərəfəsində Medvedevin mövqeyinə böyük zərbədir. Bu seçkilərdə Rusiyanın baş naziri, SSRİ KQB-sinin xarici kəşfiyyat əməkdaşı, bəzilərinin Rusiyanın həqiqi lideri hesab etdiyi Vladimir Putin Medvedevi sıxışdırıb çıxara bilər.
ABŞ-a səfərlə Medvedev özünə xal topladı və kompetensiya sahəsində Putinlə öz arasındakı uçurumu azaltmağa başladı. Amma indi elə təəssürat yaranır ki, Medvedev ABŞ-ın qurduğu tələyə düşüb. İran və başqa məsələlərlə bağlı ABŞ-a güzəştlər edərək Obamanın qonaqpərvərliyindən yararlanan Medvedev ardınca casus ittihamları şəklikdə zərbələr aldı. Bu qalmaqal göstərir ki, Medvedev sabiq kəşfiyyat əməkdaşı Putinlə müqayisədə daha qeyri-sabit və təcrübəsizdir. Aydın məsələdir ki, baş verənlər Putinin xeyrinə ola bilər».
«Time» jurnalı: «Rusiya casuslarının məhkəmə işi üzrə materiallar bəzi hallarda bulvar romanını xatırladır. Casusların gizli şəkildə dinlənilən dialoqları hətta Hollivuda da real görünməz. FTB-nin irəli sürdüyü versiyanın 8 məqamı diqqət i çəkir:
1. Casuslar öz aralarında adi «casus jarqonu» ilə danışıblar. Mərkəzdən daxil olan depeşalar (yazılı məlumatlar) aşağıdakı fraza ilə bitir: «Oxuduqdan sonra məhv etməli». Agentlər bir-birlərinə «Pol dayıdan salam» çatdırırlar və qeyd edirlər: «May ayında Şaxta baba olmaq maraqlıdır». Onlar qeyri-təbii parollar və ləqəblərədən istifadə ediblər.
2. Brendlər vacib məqamdır, rus casusları isə deyəsən, «Time» jurnalını universal işarə hesab edirlər. Bu kontekstdə jurnalın üz qabığının qırmızı haşiyəsi tamamilə yeni məna kəsb edir ki, Henri Lyus da bundan şübhələnməyib. Agentlər və əlaqə şəxsləri bir-birlərini əllərində gəzdirdikləri «Time» jurnalı vasitəsilə tanıyıblar.
3. İnformasiyanın ötürülməsində məzəli üsullar – köhnə Morze əlifbası ilə radioqramlardan tutmuş Nyu-York kitab mağazalarında kompüter rabitəsi və stenoqramlaradək.
4. Rusiya casusları öz rəhbərlərini əmin etməyə çalışırlar ki, kapitalist uğurunun cazibəsi onları yolundan azdırmayıb. Belə ki, Mərkəz Nyu-Cersidə casuslara şəxsi ev almağa icazə verməyib, onlar isə Mərkəzi inandırmağa çalışıblar ki, belə daha rahat olar və cəmiyyətə qaynayıb-qarışmağa kömək edər.
5. Hətta casuslara da keçmişi unutmaq çətindir. Məhkəmə materiallarına görə, özünü Treysi-Li-Enn Foli adlandıran və Kanada vətəndaşı kimi təqdim edən qadın casus bank saxlanc kamerasında özünün gənclik fotoşəkillərini əks etdirən sovet istehsalına aid fotolentlərin neqativlərini saxlayırmış.
6. Rusiya casuslarına informasiya toplamaq üçün Amerikanın siyasi dairələrini təmsil edən şəxslərlə dostlaşmaq barədə göstəriş verilib.
7. FTB-nin iki agenti özlərini Rusiya casusları kimi təqdim edərək ayrı-ayrılıqda şübhəli şəxslərdən ikisi ilə görüşərək onlara tapşırıq veriblər. Bunlardan birində şübhəli şəxs tapşırığı yerinə yetirib. Digər halda isə şübhəli şəxs tapşırığı yerinə yetirməyib və FTB-nin izləmələrinə görə, başqa adla mobil telefon əldə edib.
8. FTB bu casus şəbəkəsinin izlənilməsinə 10 il əvvəl başlayıb».

Şahin
www.bizimyol.az
 
XƏBƏR XƏTTİ

TOP 100 MILITARY SITES site stats

  © Copyright 2007
Brouzerlər üçün optimaldır. Bu veb-səhifədə yer alan hər hansı fikir və məzmun heç də bizim mövqeyimizi əks etdirmir. Hər bir halda bütün hüquqları Milaz özündə saxlayır və hər hansı iddia və ya tələbə görə məsuliyyət daşımır. Website is designed & programmed & run by Farsuna