| |
AZƏRBAYCAN İRANA QARŞI MÜHARİBƏ PLANLARINDA
|
16:46 13-07-2010
ABŞ bizim qonşuluğumuzda savaşa hazırlaşır
Rəsmi Bakı ilə münasibətləri düzəltmək cəhdləri də bu siyasətin bir hissəsidir; Vaşinqtondakı beyin mərkəzləri Obamaya belə tövsiyə verib; Rusiya prezidentindən şok etiraf: “Tehran nüvə silahı əldə etməyə yaxınlaşır”
|
|
Həmin vaxt da Birləşmiş Ştatlar bir tərəfdən bölgəyə öz hərbi qüvvələrini cəmləşdirir, o biri tərəfdən isə ictimai rəyi intensiv şəkildə İraqın o vaxtkı prezidenti Səddam Hüseynin “əl-Qaidə” ilə əlaqələri, terroru dəstəklədiyi və ABŞ üçün necə təhlükə təşkil etdiyi haqda təhlillərlə müharibəyə hazırlayırdı.
Cim Loub göstərir ki, indi də eyni proses gedir. ABŞ İran körfəzinə hərbi qüvvələr cəmləşdirir, o biri tərəfdən administrasiyanın qərarlar qəbul etməsinə təsir imkanları olan beyin mərkəzləri İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün atılacaq addımlar barədə təhlillər verirlər. Qatı mühafizəkar çevrələr Obama administrasiyasını inandırmağa çalışır ki, sanksiyaların xeyri olmayacaq və mollaların nüvə silahına malik olmasına imkan verməmək üçün hərbi əməliyyatlar yeganə şansdır.
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Stiven Hedli və İsrailin briqada generalı Maykl Hersoq ötən həftə Vaşinqtondakı Yaxın Şərq İnstitutunda açıqlanan hesabatlarında göstəriblər ki, İrana qarşı tətbiq edilən son sanksiyaların necə nəticələndiyini gələn ilin əvvəllərində müəyyən etmək mümkün olacaq. Ona görə də hakimiyyət indidən sanksiyaların qeyri-effektiv olması variantı üçün tədbirlər planı hazırlamalıdır. Rəydə deyilir ki, bütün variantlar, o cümlədən hərbi variant masa üzərində olmalıdır.
Yaxud “Washington Post” qəzetində dərc edilmiş məqalədə ABŞ Hərbi-Hava Qüvvələrinin keçmiş generalı Çarlz Uold və keçmiş demokrat-senator Çarlz Rodd göstəriblər ki, Amerika qeyri-müəyyən müddət gözləyə bilməz və artıq gələn ilin yazında İrana qarşı hərbi əməliyyatlara hazır olmalıdır. Onların fikrincə, elə indidən ABŞ İrana qarşı hərbi varianta əl ata biləcəyini göstərmək üçün nümayişkaranə şəkildə hazırlıqlar aparmalıdır. ABŞ-dakı nüfuzlu beyin mərkəzlərindən olan İkipartiyalı Siyasət Mərkəzinin 2008-ci ildə hazırladığı və Obama administrasiyasına təqdim etdiyi təhlildə də deyilir ki, ABŞ İran körfəzində hərbi qüvvələrini artırmalı, bölgədəki müttəfiqləri ilə birgə hərbi manevrlər keçirməli, İrana qarşı mümkün çıxış əldə etmək üçün Azərbaycanla strateji tərəfdaşlığı möhkəmləndirməli və Vaşinqtonun müharibəyə hazır olduğunu göstərməlidir.
ABŞ-da ictimai rəyin İrana qarşı müharibəyə bu cür hazırlandığı bir vaxtda Rusiya prezidenti Dmitri Medvedyev də gözlənilməz qənaətlə çıxış edib. Rusiya diplomatiyasının vəzifələrinə dair çıxışında Medvedyev deyib ki, İrana qarşı tətbiq edilən son sanksiyalar Tehranla dialoqun tezliklə bərpasına hesablanıb: “Əgər diplomatiya bu şansı da əldən versə, bu, bütün beynəlxalq ictimaiyyətin səylərinin iflası demək olacaq”.
Rusiya prezidenti etiraf edib ki, İran nüvə silahı əldə etməyə imkan verən potensiala yaxınlaşır.
Qeyd edək ki, ABŞ-ın Azərbaycanla münasibətləri düzəltmək üçün göstərdiyi səylər və rəsmi Bakı ilə təhlükəsizlik, hərbi əməkdaşlıq sahələrində intensivləşən dialoqun da səbəblərindən birinin İrana qarşı hərbi əməliyyatlara hazırlıq olduğu barədə fikirlər var. Hətta bu günlərdə xarici mətbuatda belə xəbərlər yayılıb ki, ABŞ və İsrail gizli şəkildə Azərbaycan ərazisində xüsusi təyinatlılar yerləşdirərək onlardan İrana qarşı istifadə etməyə hazırlaşır. İran isə bu iddiaları təsdiqləyən bəyanatlar verərək Azərbaycanla sərhədə qoşun yığmağa başlayıb. Həmçinin İranın Azərbaycanla sərhədləri pilotsuz kəşfiyyat təyyarələrindən gecə-gündüz izlənir.
Siyasət şöbəsi
www.musavat.com
|
|