| |
ABŞ-la məsləhətləşmələrin Iranla əlaqəsi var?
|
10:03 14-07-2010
Elxan Mehdiyev: «Hərbi məsləhətləşmələr geniş mənada hərbi əməkdaşlığı əhatə etmir»
Cəsur Sümərinli: «ABŞ-la Azərbaycan arasında çözüləsi xeyli sayda problemlər var»
|
|
Bakıda ABŞ və Azərbaycan müdafiə nazirlikləri arasında məsləhətləşmələr başlayıb. ABŞ-ın ikitərəfli müdafiə məsləhətləşmələri üzrə nümayəndə heyətinə Amerika müdafiə nazirinin köməkçisinin müavini Selesta Uolander rəhbərlik edir. Nümayəndə heyətinə ABŞ-ın Avropa komandanı və bu ölkənin Azərbaycandakı səfirliyinin rəsmiləri daxildir.
Xatırladaq ki, bir müddət əvvəl Qərb mətbuatı Irana qarşı başlaması ehtimal edilən hərbi əməliyyatlar zamanı ABŞ quru qoşunlarının Azərbaycanda yerləşdiriləcəyini və əməliyyatın bir hissəsinin məhz buradan həyata keçiriləcəyini yazırdı. Məsləhətləşmələrin başlanması ilə bu məlumat arasında hər hansı əlaqə varmı?
“Doktrina” Jurnalistlərin Araşdırması Mərkəzinin rəhbəri Cəsur Sümərinlinin fikrincə, bunu həm təsdiq, həm də təkzib etmək olar. Çünki ABŞ-ın Irana qarşı hərbi əməliyyatlarında Azərbaycanın mühüm strateji məkan olması mümkündür: “Pentaqonda həyata keçirilən treninqlərdə Irana qarşı planlaşdırılan hücum əməliyyatlarında Azərbaycan mühüm məkan kimi göstərilir. Ancaq hazırda ABŞ-la Azərbaycan arasında hərbi məsləhətləşmələrin güclənməsinin məhz Iranla bağlanması fikri ilə razı deyiləm. Taktiki addımlar baxımından ABŞ-Azərbaycan arasında çözüləsi xeyli sayda problemlər var ki, hazırda onlar hər iki tərəf üçün daha vacibdir”.
Konfliktoloq Elxan Mehdiyev təlimlərin Irana qarşı mümkün hərbi əməliyyatla heç bir əlaqəsinin olmadığını bildirdi: “Azərbaycanla Amerika arasında 1997-ci ildən bəri təhlükəsizlik dialoqu deyilən bir format yaradılıb və inkişaf etdirilib. Hərbi məsləhətləşmələr geniş mənada hərbi əməkdaşlığı əhatə etmir”.
Ekspertin fikrincə, məsləhətləşmələr əsasən ABŞ-ın Əfqanıstanda apardığı antiterror əməliyyatı ilə bağlı Azərbaycanla əməkdaşlıq məsələlərini, eyni zamanda orduda islahatlar, zabitlər üçün treninqlərin keçirilməsini də əhatə edir".
Fizzə
azadlıq.info
|
|