| |
Almatıdakı Bakı - İrəvan danışıqları da uğursuzluqla sonuclana bilər
|
09:27 15-07-2010
İşğalçı ölkənin XİN rəhbəri E.Nalbandyan qarşıdakı görüşün uğursuzluğunu indidən sığortalamağa çalışır
|
|
"Hazırda ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan, Ermənistan, ABŞ, Fransa və Rusiyanın xarici işlər nazirləri arasında görüşün təşkili üzərində işləyir" - bu fikirləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan səsləndirib. O, görüşün ATƏT XİN başçılarının Almatı sammiti çərçivəsində baş tutmalı olduğunu deyib və sammitin bu ayın 16 - 17-də keçiriləcəyini xatırladıb. "Əgər görüş baş tutsa, Azərbaycanın danışıqları Madrid prinsiplərinin Sankt-Peterburq görüşündə təqdim edilmiş son variantı əsasında davam etdirməyə hazır olub-olmadığını müəyyənləşdirəcəyik.
Almatı görüşünün əsas məqsədi məhz budur", - deyə Nalbandyan qeyd edib. Erməni nazir Bakının "bütün razılaşmalar və təklifləri, həmçinin Madrid prinsiplərini rədd etdiyini, təmas xəttindən snayperlərin geri çəkilməsindən boyun qaçırdığını" iddia edib: "Reallıq bundan ibarətdir ki, 2007-ci ilin noyabrından sonra tərəflərə Madrid prinsipləri təqdim olundu. Bu sənədlər ATƏT-in Vyanadakı katibliyinə də verildi. 2007-ci ilin noyabrından bəri isə bu sənədin əsasında bir sıra təkliflər irəli sürülüb. Bu cür işçi sənədlərdən biri də 2009-cu ilin dekabrında tərəflərə təqdim olunub. Azərbaycan hesab edir ki, danışıqlar bir sıra düzəlişlər etməklə məhz onun əsasında aparılmalıdır. Bir sözlə, Almatı görüşünün taleyi Azərbaycanın Madrid prinsiplərinin son variantını qəbul edib-etməyəcəyindən asılı olacaq". Erməni nazir onu da əlavə edib ki, Azərbaycanın Dağlıq Qarabağla bağlı təqdim etdiyi qətnamə layihəsinin BMT Baş Assambleyasında müzakirəyə çıxarılması danışıqlar prosesinə mənfi təsir göstərə bilər: "Dağlıq Qarabağ probleminin həlli prosesinə cəlb olunmuş bütün dövlətlər də bu fikirdədir".
Azad,
www.hafta-ichi.com
|
|